Çərşənbə axşamı , Avqust 16 2022

Azərbaycan postmünaqişə dövründə: Beynəlxalq güclərin sülh gündəliyindəki rolu – ŞƏRH

Azərbaycan postmünaqişə dövründə Türkiyə ilə strateji müttəfiqlik xətti ilə birgə maraqların təmininə imza atır və bu, qlobal güclərin də diqqətini cəlb edir. Ona görə də hazırda beynəlxalq aləmdə İrəvanın çörəyinə yağ sürtən addımlardan qaçırlar, çünki Ermənistan heç bir şəkildə onlar üçün iqtisadi və logistik cazibə mərkəzi rolunu oynamır.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Azərbaycan-Ermənistan münasibətlərinin münaqişə müstəvisindən çıxaraq sülh gündəliyi formatına daxil edilməsi prosesi 2020-ci ilin noyabrın 10-dan sonra başlanılıb.

İndiki mənzərəni təsvir edərkən deyə bilərik ki, Azərbaycanın bütün sahələrdə qazandığı fövqəladə üstünlüklər sayəsində Ermənistanla tarixi düşmənçiliyin kökü qazılaraq ora yeni bünövrə atılmaq mərhələsi icra olunur.

Azərbaycanın yaratdığı reallıqlar hansısa güc mərkəzinin əlinə təzyiq fürsəti təqdim etmək imkanından uzaqdır və Bakı İrəvanla münasibətlərinin rəngini öz şərtləri əsasında təyin edir.

Azərbaycan-Ermənistan münaqişəsi zamanı guya tənzimləmə mexanizmi ilə çıxış edən vasitəçilərin əlində böyük təzyiq alətləri var idi, indi isə onlar bunlardan məhrum olduqlarından başqa bəhanələr axtarışına girişiblər.

Azərbaycan postmünaqişə dövründə Türkiyə ilə strateji müttəfiqlik xətti ilə birgə maraqların təmininə imza atır və bu, qlobal güclərin də diqqətini cəlb edir. Ona görə də hazırda beynəlxalq aləmdə İrəvanın çörəyinə yağ sürtən addımlardan qaçırlar, çünki Ermənistan heç bir şəkildə onlar üçün iqtisadi və logistik cazibə mərkəzi rolunu oynamır.

Ancaq etiraf etmək lazımdır ki, Azərbaycana da münasibət heç də həmişə yüksək xoşməramlılığa söykənmir və buna görə, hələ də İrəvandan siyasi alət kimi yararlanmaq meylləri müşahidə olunur.

Elə isə sual olunur: hansı mərkəz Azərbaycan-Ermənistan sülh gündəliyinə yaxınlaşıb öz nəfəsini vermək istəyir?

Bu suala cavab axtararkən ilk növbədə regionun əsas oyunçusu Türkiyənin, dünya hegemonluğuna iddialı olan Rusiyanın yanaşmasını vəhdət mövzu kimi inkişaf etdirmək lazımdır.

Türkiyə 10 noyabr bəyanatının tərəfi olmasa da, həmin sənədə öz maraqlarını daxil edə bilib. Sonrakı gedişatlarda bu, Türkiyənin Cənubi Qafqazdakı hərbi-siyasi iştirak dairəsini əhəmiyyətli şəkildə genişləndirməsinə gətirib çıxarıb.

Söhbət üçtərəfli bəyanatda Rusiya-Türkiyə birgə sülhməramlı mərkəzinin yer almasından gedir. Bunun icrası 2021-ci ilin yanvar ayının sonunda Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılması ilə nəticələndi. Nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya qarşısında həm neytrallaşdırıcı amil rolunu oynayır, həm də Moskva ilə birgə maraqlar çərçivəsində özünün Cənubi Qafqaza dair siyasi baxışlarını praktiki cəhətdən inkişaf etdirir.

Rusiya sülh müqaviləsinin imzalanmasında təkbaşına rolunun mümkünsüzlüyünü nəzərə aldığından NATO-nun ən böyük hərbi güclərindən biri Türkiyə ilə yaxınlaşmadan narahat deyil, əksinə, Qərbin hər iki dövlətə olan ikibaşlı münasibəti Ankara-Moskva münasibətlərini xeyli istiləşdirib.

Ancaq Rusiya hərbi-siyasi doktrinasının məzmununa dəyişiklik etmədiyindən özünün ambisiyalarının təmini yolunda əldə olan faydalara müraciət etmək “hüququnu” xatırladır.

Postmüharibə reallığında Rusiyanın strateji yanaşmasındakı ağırlıq mərkəzi Azərbaycana tərəf əyilsə də, Moskva mübahisəli məsələlərin qalmasını özünün perspektiv maraqları baxımından nəzərdən keçirir. Bunun bir səbəbi ermənilərin tarixən Rusiyanın gücünə arxalanması ilə bağlıdır. Ermənistan indi də Rusiyanın mövcudiyyətini hər hansı genişmiqyaslı müharibənin qarşısını almaq, regiondakı erməni əhalinin təhlükəsizliyinin sığortası kimi qəbul edir.

Kreml də əlini gücləndirə biləcək hər vasitəni diqqətlə incələyir və bu mövzuda Türkiyə ilə Rusiyanın ulduzu barışmır.

Yəni, Moskva Qarabağdakı ermənilərin təhlükəsizlik məsələsi üzrə spekulyasiyalara yer vermək üçün yollar arayır, Ankara isə məsələdə ikibaşlı mövqenin qəbuledilməzliyini önə çəkir.

Azərbaycanla Ermənistanın sülh gündəliyində Rusiya ilə Türkiyənin yalnız bu mövzuda maraq kəsişməsi mövcuddur, digər bəndlərdə isə – sərhədin delimitasiya və demarkasiya proseslərindən tutmuş, Zəngəzur dəhlizinin açılmasına qədər – müştərəklik dərəcəsi üstünlük təşkil edir.

Sülh müqaviləsi qlobal güclərin region üzrə uzunmüddətli strategiyasının ştrixlərini formalaşdırdığından onlar prosesdə maksimal töhfələrlə aktiv iştirak etmək siyasətini nümayiş etdirirlər.

Qərb ölkələri yeni yaranan reallıqları əllərinə düşən əhəmiyyətli fürsət kimi qiymətləndirdiyindən onların da maraqları yeni fazaya keçir.

Ancaq ortada Rusiya amili olduğundan, Qərbin yoluna tikanlı maneələr düzüldüyünü söyləyə bilərik.

Hər nə qədər qəribə səslənsə də, Qərbin də, Rusiyanın da Cənubi Qafqazdakı maraqlarının həlledici təmini Türkiyə ilə uzlaşmadan keçir. Bununla belə, fərqli prizmalarla yanaşma olduğuna görə, Ankaranın öz strateji duruşu təkbaşına hərəkət etmək kimi cığırlar da açır.

Qərb özünün imperativ ambisiyalarının ikinci dərəcəli olduğunu göstərmək üçün daha çox iqtisadi maraqlar üzərində inkişaf edən Avropa İttifaqının cəlbediciliyindən istifadə edir. Ona görə də həmin təşkilat Azərbaycan-Ermənistan arasındakı sülhyaratma prosesində sürətli şəkil alan vasitəçilik missiyasına yiyələnir.

Avropa İttifaqının bəyanatlarında ATƏT-in Minsk Qrupunun formatından bəhs edilmir, əslində bu, Rusiyanın da marağına cavab verir. Hərçənd ki, həmsədrlərin “yoxa çıxarılması” o anlama gəlir ki, onlar yalnız təkbaşına rıçaqlar qazanmaq niyyətindədirlər.

Görüntü olaraq Qərbin sülhyaratma prosesindəki moderatorluq öhdəlikləri üçün güc toplamaq istədiyi ortadadır, Rusiya-Ukrayna müharibəsi də bu yolda əlavə imkanlar açır.

Ümumiləşdirsək, oyunçuların sülh gündəmindəki iştirak səviyyəsini belə dəyərləndirə bilərik:

– Rusiya daha çox hərbi-siyasi iştiraka önəm verir,
– Türkiyə hərbi-siyasi aktivliklə paralel iqtisadi maraqlarını gücləndirmək planları ilə çıxış edir, 
– Qərb isə ən çox iqtisadi hab yaratmaqla regiondan Rusiyanın sıxışdırılmasına çalışır.

Ümumiləşdirmə aparsaq, Rusiya Cənubi Qafqazı özünün tarixi maraq dairəsi hesab etdiyi üçün hansısa mərhələdə vasitəçilik prosesində fəal iştirak etməyi yenidən fəallaşdıracaq.

Bununla belə, Rusiya Qərbi regiondan qova bilən bir xətt tapa bilməyəcək. Çünki postmünaqişə reallıqları Avropa İttifaqı, ABŞ üçün yeni fürsət pəncərəsi açdığından, onlar regionda daimi qalmaqda israrlıdırlar.

Avropa İttifaqı buna görə də Azərbaycana çoxlu cəlbedici ideyalar vermək çağırışı ilə üzləşir və bu yolda əlindən gələni edəcək.

Bunun səbəbləri sırasında Rusiya-Ukrayna müharibəsi fonunda aktuallaşan “qaz müharibəsi” də dayanır.

Qərb Avropa bazarlarında Rusiyanın qazını almaq üçün Azərbaycanı ən etibarlı partnyor kimi nəzərdən keçirir və Bakının beynəlxalq enerji layihələrindəki rolunu genişləndirmək istəyir.

Beləliklə, Rusiya Ukraynadakı müharibənin nəticələrindən asılı olmayaraq Cənubi Qafqaza dair siyasətini dəyişməyəcək.  

Bu yolda onun təkbaşına hərəkət etmək imkanı məhdudlaşdığından ayaq səslərini Azərbaycan-Türkiyə strateji maraqlarına uyğunlaşdırmaq məcburiyyətində qalacaq.

Qərb isə aktivliyini artıracaq və sülh müqaviləsinin imzalanmasında fəal iştirakını qoruyub-saxlayacaq.

www.SEN.az

About FERZELIYEV

Check Also

Kafedə Ukrayna mahnısı səsləndirən dicey on sutkalıq həbs edildi

Krım məhkəməsi kafedə Ukrayna mahnısı səsləndirən diceyin on sutkalıq həbs edilməsi barədə qərar qəbul edib. …

“Pfizer”in rəhbəri dörd peyvənddən sonra koronavirusa yoluxdu

ABŞ-ın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru, dörd dəfə koronavirusa qarşı peyvənd olunan Albert Burla …

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq

Conni Depp 25 ildən sonra rejissorluğa qayıdacaq. Aktyor italyan rəssam Amedeo Modilyani haqqında film çəkəcək. …

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub. Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun …

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqləyən ilk ölkə oldu

Britaniya COVID-19-un həm orijinal ştammı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu. …