Dünən xəbər verilmişdi ki, Lapsus$ adlı hacker qruplaşması Microsoft şirkətinin bəzi məhsullarının mənbə kodlarını oğurlayıb. İndi isə məlum olub ki, həmin hacker qruplaşması məşhur Vodafone mobil şəbəkə operatoruna qarşı da kiberhücum reallaşdırıb. Hackerlərin verdikləri məlumata əsasən reallaşdırılmış kiberhücum nəticəsində onlar 200 GB həcmində məlumatlar bazasını oğurlayıblar. Oğurlanmış məlumatlar isə əsasən Vodafone-nun proqram təminatlarını əhatə edən mənbə kodlarını özlərində birləşdirirlər.
Oğurlanmış məlumatlar GitHub-ın 5000 ədəd repozitoriyasında yerləşdirilib. Vodafone şirkətinin məlumatlarından əlavə olaraq Lapsus$ həmçinin Portuqaliyanın Impresa adlı media korporasiyasının məlumatlar bazası ilə mənbə kodunu və elektron kommersiya ilə məşğul olan MercadoLibre ilə MercadoPago şirkətlərinin mənbə kodlarını oğurlayıb. Reallaşdırılmış kiberhücumlardan sonra sözügedən hacker qruplaşması öz Telegram kanalında oğurlanmış mənbə kodlarından ilk olaraq hansının açıq şəkildə paylaşmaq lazım olduğu barəsində sorğu aparıb.
www.SEN.az Sənin Əyləncən Sənin Dünyan