Reklam  

   

Sayhac  


Yandex.Metrica
   


islamic wallpaper quran 004 1366x768 3353

 

 

Qurani-Kərimdə belə buyurulur: "Allah-Təala göyü yüksəltdi və ölçünü qoydu. Ölçüdə həddi aşmayın". 

Burada "göyü yüksəltdi" ifadəsinin altında çox mətləblər durur, yəni göyün təbəqələri yerbəyer edildi, ekoloji tarazlıq yaradıldı və hər şey insanın istifadəsinə verildi. Və insana sərt şəkildə tapşırıldı ki, bu tarazlığı, bu ölçünü pozmasın. "Ölçüdə həddi aşmayın" tapşırığında çox şeylər var. Yəni qurulmuş bu nizamı dəyişməyə cəhd göstərməyin, sizə aid olmayan işlərə baş aparıb özünüzə problem çıxarmayın, lazım olmayan şeylərlə məşğul olmayın, öz işinizi bilin, öz vəzifənizi yerinə yetirin və əgər həddi aşsanız, başınıza gələcəklərdən də xəbərdar olun.

Təbiətdə Allahın qoyduğu qanunlar var: suyun 0 dərəcədə donmağa başlaması, 100 dərəcədə qaynaması, göyə atılan daşın yenidən qayıdıb yerə düşməsi, ağacların yazda oyanıb, qışda yuxuya getməsi, sıxılmış buludlardan yağmurun tökülməsi, suyun yüksəkdən aşağıya doğru meyillənməsi, dəmirin paslanması, torpağa dişən toxumun cücərməsi..., bunların hamısı Allah-Təalanın qoyduğu qanunlardır. Əslində bizim üçün də bu kainat kitabında müəyyən vəzifələr təsbit edilmişdir. Qurani-Kərimdə bildirilir ki, bu yerlər, göylər, dənizlər, heyvanat və nəbatat insanın xidmətinə verilmişdir. İnsan yer üzünün əşrəfidir. Təbiət öz axarında inkişaf etdikdə gözəldir. Əgər insan əli çayın məcrasını dəyişirsə, dağı əridib yerində göydələn tikirsə, səhralarda meşə salmaq istəyirsə, demək, bu İlahi nizamı pozmağa cəhd edir. Uzağa getməyək, adicə bir misal göstərək: təbiətdə sizin adını belə bilmədiyiniz bir həşəratın yoxa çıxması silsilə fəlakətlərə səbəb ola bilir. Alimlər deyirlər ki, yer üzündə arıların nəslinin kəsildiyi vaxtdan bəşəriyyətinə məhvinə qədər çox qısa bir zaman kəsiyi qalır. Allah-Təala Qurani-Kərimdə açıq-aydın şəkildə bildirir: "Ölçü qoyuldu və siz ölçüdə həddi aşmayın".

Böyük alimlərdən biri yazır ki, eyni maddə insan üçün şəfa da ola bilər, zəhər də. Hər şey doza məsələsində həll olunur. Bir şeyin dozasını həddən çox artırarsanız, sizin üçün zəhərə çevrilə bilər, amma qaydasında qəbul edərsəniz, şəfa tapa bilərsiniz.

Bu gün dünyanın qarşısında duran ən ciddi problemlərdən biri də geni dəyişdirilmiş bitkilər məsələsidir. Artıq bir çox bitkilər öz təbiiliyini, ilkin tərkibini itirib, daha çox maddi gəlir əldə etmək istəyənlər elmi həqiqi inkişafa, tərəqqiyə deyil, ticarətə yönəldərək bəşəriyyətin gələcəyini təhlükə altına atırlar. Bugünkü pomidorlar dünənkinə nisbətən daha gözəldir, daha şəffafdır, daha böyük və davamlıdır. Amma tərkibi bir çox hallarda zərərli çıxır. Paxlalı bitkilərin, meyvələrin üzərində aparılan təcrübələrin qarşısını almaq üçün dünyada bir çox təşkilatlar həyəcan təbili çalırlar.

Son dövrlərdə müxtəlif xəstəlik adları eşitməyə başlamışıq. Haqlı olaraq soruşula bilər: Əvvəllər niyə bu qədər xəstəlik olmayıb? Cavabı çox bəsitdir. Əvvəllər süni, geni dəyişilmiş meyvələr olmayıb, ekologiyamız bu qədər çirkli olmayıb axı.

Bəşər tarixinə diqqət yetirəndə neçə-neçə qövmün, qəbilənin toplu halında həlak olduğunu görürsən və heç tərəddüd etmədən inanırsan ki, bir toplum, bir cəmiyyət özünü bəlaya layiq hala gətirmədikcə Allah-Təala onu cəzalandırmayıb.

Bu gün dünyamızı fəlakətə sürükləyirlər, nüvə silahları ilə, təbiətə buraxdıqları zəhərli qazlarla, meyvələrin genini dəyişməklə, heyvanları kulonlama yolu ilə artırmaqla... Bildiyimiz və bilmədiyimiz bir çox üsullarla. Allah-Təala "həddi aşmayın" buyurur. Həddi aşanlar dünyamıza məzar qazırlar.

Son dövrlərdə ən çox eşitdiyimiz ifadələrdən bir də "qlobal istiləşmə"dir. Hətta deyirlər ki, belə davam edərsə, təxminən 40-50 ildən sonra qütblərdəki buzlaqların böyük bir hissəsi əriyəcək, okeanlarda suyun səviyyəsi yüksələcək, nəticədə bəzi ölkələr, şəhərlər su altında qalacaq. Elə bil ki, insan oğlu bəlanın gəldiyini görə-görə tədbir görmək əvəzinə ona doğru can atır. Ağıl dediyin budurmi, insan heyrət edir. İndi təkcə yer üzünü deyil, həm də göy üzünü paylaşmaq üçün yarışa giriblər. Yəni dava indi də atmosferə sıçrayıb. Heç düşünən yoxdur ki, bu yer üzü yeddi milyard insana da yetər, yetmiş milyarda da, yetər ki, insan insanlığını itirməsin, heyvanlaşmasın, qardaşının qanını içməsin.

Yazımızı Qurani-Kərimin verdiyi möhtəşəm bir düsturla tamamlamaq istəyirik: İnsan gördüyü bütün xeyirləri Allahdan, zərərləri isə özündən bilməlidir. Vəssalam.

   

BAGIS  

   

Reklam  

   

Xəbər Lenti  

   

Biz Facede  

   
© ALLROUNDER