
Bakı. Trend:
Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin
140 illiyi münasibətilə Xankəndi şəhərində möhtəşəm musiqi axşamı
təşkil olunub.
Trend xəbər verir
ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,
Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, Xankəndi şəhəri Konqres Mərkəzində keçirilən
konsert proqramında Bakı Musiqi Akademiyasının tələbə simfonik
orkestri səhnəyə çıxaraq unudulmaz musiqi bayramı bəxş edib.
Orkestrin dirijorluğunu Ramiz Məlikaslanov, bədii rəhbərliyini
isə xalq artisti, professor Fərhad Bədəlbəyli həyata keçirib.
Tədbirdə Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə yanaşı, dünya
musiqi xəzinəsinin incilərindən F. Mendelsonun simfoniyası da
səslənib. Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı Xankəndidə
keçirilən bu tədbir, həm mədəni, həm də simvolik baxımdan çox
önəmli hadisədir. Xankəndidə belə bir tədbirin təşkili şəhərin
mədəni həyatının canlanmasına, Qarabağda klassik Azərbaycan
musiqisinin yenidən səslənməsinə işarədir.
<!—->
<!––>
Bu, həm də azad edilmiş ərazilərdə milli-mədəni dəyərlərin
bərpası baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, konsert
proqramında Azərbaycan Respublikası Prezidentinin Xankəndi
şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin
əməkdaşları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Qarabağ
Universitetinin professor-müəllim heyəti və tələbələri, Milli
Məclisin deputatı Polad Bülbüloğlu, həmçinin ictimaiyyət
nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Qarabağ
Universitetinin rektoru Şahin Bayramov və xalq artisti, professor
Fərhad Bədəlbəyli konsert proqramı ilə bağlı fikirlərini bölüşərək,
Xankəndidə olmağın və bu şəhərdə belə bir konsertin keçirilməsini
möcüzə adlandırıblar. Onlar bildiriblər ki, bu, azad Xankəndidə
keçirilən ilk musiqi festivalıdır və belə bir tarixi hadisənin məhz
doğma Xankəndidə reallaşması xüsusi qürur hissi doğurur.
Millət vəkili Polad Bülbüloğlu da çıxışında deyib ki, Xankəndidə
bu konsert proqramına tamaşa etmək onun çoxdankı arzusu olub:“Uzun
illər biz bu cür tədbirləri yalnız Bakıda keçirmək məcburiyyətində
qalırdıq. Artıq bir neçə ildir ki, torpaqlarımız azaddır və bu gün
belə tədbirlər doğma Qarabağda keçirilir. Üzeyir Hacıbəylinin 140
illiyinin azad olunmuş torpaqlarda Xankəndidə və Şuşada qeyd
olunması böyük xoşbəxtlikdir. Xankəndidə Qarabağ Universitetinin
açılması və onun incəsənət fakültəsinin fəaliyyət göstərməsi isə
ayrıca qürurverici hadisədir.”
Qeyd edək ki, konsert proqramı sentyabrın 18-də Şuşa şəhərində
də davam etdiriləcək.