Çərşənbə , Sentyabr 17 2025

Türkiyənin sosial şəbəkələr üzərində tənzimləmə prinsipləri

Türkiyənin sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşması bir neçə risk faktorundan qaynaqlanır.

– Dezinformasiya və yalan xəbərlər problemi: Müşahidə olunur ki, seçkilər, ictimai etirazlar, fövqəladə hallar dönəmində dezinformasiya və yalan xəbərlərin çəkisi hansısa mərkəzlər tərəfindən süni şəkildə artırılır. Bu isə siyasi və sosial sabitliyi riskə atır.

2023-cü il zəlzələləri və 2023-cü il seçkiləri zamanı bu problem daha qabarıq şəkildə ortaya çıxıb. Türkiyənin “Dezinformasiya ilə Mübarizə Mərkəzi”nin məlumatına əsasən, “2023-cü ilin 6 fevral – 20 fevral aralığında, cəmi 14 gün ərzində insanlarda yanlış təsəvvür formalaşdırmaq baxımından ciddi təsir imkanlarına malik 200 dezinformasiya faktı müəyyənləşdirilib”. DMM bu saxta məzmunun arxasında duran aktorları da ifşa etdiyini açıqlayıb ( https://www.dailysabah.com/politics/turkiye-faced-barrage-of-disinformation-after-2023-earthquakes/news ).

“Rixter cədvəlindən kənar: Kahramanmaraş zəlzələsindən sonra dezinformasiyanın izlənməsi” başlığı ilə yayımlanan məqalədə bildirilir ki, zəlzələdən sonra dezinformasiya, saxta xəbərlər və ekstremist çağırışlar üzərində qurulantəbliğat cəmiyyəti çaşdırıcı vəziyyətə salmış, bəzən yardım işlərini ləngitmiş və insanların qorxularını artırmışdır ( https://untoldmag.org/off-the-richter-scale-tracking-misinformation-in-the-aftermath-of-the-kahramanmaras-earthquake-2/).
– Kiberhücumlar: NATO-ya üzv ölkə kimi Türkiyə kiberhücumların hədəfindədir. Fişinq hücumları, məlumat oğurluğu və saxta profillər vasitəsilə yönləndirilən kiber əməliyyatlar dövlət üçün də strateji təhlükə yaradır ( https://cyberscoop.com/malware-attacks-hit-turkey-disproportionately-high-levels-report-says/ ).

– Platforma nəzarəti: “Facebook”, “Instagram”, “TikTok” və “X (keçmiş “Twitter”) kimi platformaların algoritmik idarəetməsi Türkiyənin informasiya suverenliyi üzərində məhdudiyyət yaradır. Buna görə, Ankara yerli sosial media alternativlərinin (Yaay, GAB-Türkiyə versiyaları) inkişafını təmin etməyə çalışır ( https://tr.wikipedia.org/wiki/Yaay ).

Mövcud platformalarda istifadəçi statistikası

2025-ci ilin statistik göstəricilərinə əsasən, Türkiyədə 58,5 milyon nəfərdən çox aktiv sosial media istifadəçisi vardır. Bu da əhalinin 67 faizini təşkil edir ( https://datareportal.com/reports/digital-2025-turkey ).

Vətəndaşlar WhatsApp kimi mesajlaşma proqramlarına, həmçinin, Instagram və YouTube kimi vizual platformalardan istifadəyə üstünlük verirlər. Xəbərlər və müzakirələr üçün “Twitter” (indi “X”) və “Facebook” populyar olaraq qalır. “TikTok” və Instagram” gənclər arasında dominant platformalardır.

Sosial şəbəkələrə aşırı meylbu platformalarda məxfilik, şəxsi məlumatların qorunması, onlayn zorakılıq və asılılıq, dezinformasiya problemlərini gündəmə gətirir. Sosial şəbəkələrdə məzmun təhlükəsizliyinintəmin edilməsi üçün addımlar atılması zərurətə çevrilir.

Tənzimləmə üzrə hüquqi çərçivə

Türkiyədə sosial şəbəkələrdə məzmun tənzimlənməsi hüquqi baxımdan bir neçə qanuna əsaslanır.

– 5651 saylı Qanun (İnternet mühitində yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə törədilən cinayətlərlə mübarizə haqqında Qanun) sosial media və onlayn məzmun üzərində dövlət nəzarətinin bünövrəsini təşkil edir. Qanun 2007-ci ildə qəbul edilib. 2020, 2022 və 2023-cü illərdə əlavələrlə yeniləşdirilib və sosial media şəbəkələrini də əhatəyə alıb ( https://www.loc.gov/item/global-legal-monitor/2020-08-06/turkey-parliament-passes-law-imposing-new-obligations-on-social-media-companies/ ).

2020-ci il dəyişikliklərinə əsasən, Qanun xarici sosial media platformaları qarşısında Türkiyədə nümayəndəlik açmaq öhdəliyi yaradır. Əgər nümayəndə real şəxsdirsə, mütləq türk vətəndaşı olmalıdır. İstifadəçi müraciətlərinə 48 saat ərzində cavab verilməsi, 6 aydan bir hesabat təqdim edilməsi, məlumatların Türkiyədə saxlanılması kimi şərtlər tələb olunur. Qanunu pozan platformalara milyonlarla lirə cərimə, reklam yasağı və trafik məhdudiyyəti tətbiq edilə bilər.

2022 və 2023-cü illərdə əlavə edilən dəyişikliklər isə dezinformasiya ilə mübarizə tədbiqlərini gücləndirir. “İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan məlumat yaymaq” cinayət məsuliyyəti yaradır.

– 7418 saylı Qanun ( Mətbuat qanunu və bəzi digər qanunlarda dəyişikliklər haqqında Qanun ) internet informasiya resurslarını hüquqi cəhətdən media subyektləri sırasına daxil edir ( https://www.lexpera.com.tr/resmi-gazete/metin/7418-basin-kanunu-ile-bazi-kanunlarda-degisiklik-yapilmasina-dair-kanun-31987 ). 18 oktyabr 2022-ci il dəyişikliyinə əsasən, həmçinin, “xalqı yanıltıcı bilgilərlə çaşdırmaq” Cinayət Məcəlləsinin hüquqi əhatəsinə daxil edilir. İctimaiyyəti çaşdıran saxta məlumatlar yayan şəxslər 1 ildən 3 ilə qədər həbs edilə bilərlər. Bu qanuna əsasən, sosial media platformaları üzərində məzmunun silinməsi və ya girişin məhdudlaşdırılması səlahiyyətləri genişləndirilib.

Digər mexanizmlər

BTK (Bilgi Teknolojileri ve İletişim Kurumu) sosial şəbəkələrdə qanunsuz məzmunlara qarşı bloklama və çıxarılma qərarlarını icra edir.

Erişim Sağlayıcıları Birliyi məhkəmə qərarlarını sürətli şəkildə platformalara çatdırır və icrasına nəzarət edir.

DMM (Dezenformasyonla Mücadele Merkezi) isə dövlətin informasiya siyasətində yeni aktordur və sosial media üzərində strateji monitorinq aparır. O, sosial mediada yalan məlumatların qarşısını almaq üçün 24/7 fəaliyyət göstərir. Süni intellekt alətləri ilə şübhəli xəbərləri izləyir, təsnifatlaşdırır və bloklayır. Öz işləri barədə aylıq bülletenlər dərc edir.

Rəqəmsal savadlılıq proqramları məktəblərdə və universitetlərdə genişləndirilir. Bu təşəbbüslər xüsusilə gənclərin informasiya təhlükəsizliyi şüurunu artırmağı hədəfləyir.

Müqayisəli baxış

Türkiyə Respublikası sosial şəbəkələrin tənzimlənməsi sahəsində həm regional, həm də qlobal səviyyədə diqqət çəkən bir model formalaşdırır. O, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı kimi beynəlxalq tənzimləmə modellərini diqqətdə saxlayır. Lakin, milli maraqlara uyğunlaşdırılmış hüquqi çərçivə tətbiq edir. 2020-ci ildən etibarən xarici sosial media şirkətlərindən ölkədə real hüquqi nümayəndəlik yaratmağı qanunla tələb edir. Nümayəndə türk vətəndaşı olmalıdır və platforma Türkiyə məhkəmələrinin qərarlarını icra etməyə borcludur. Bu, Avropa İttifaqının yumşaq tənzimləmələrindən (DSA – Digital Services Act) fərqli olaraq, daha mərkəzləşdirilmiş və məcburi bir mexanizmdir.

Yaxud, platformaların istifadəçi məlumatlarını Türkiyə daxilində saxlamaq öhdəliyi vardır. Bu, Rusiyanın “məlumatların lokallaşdırılması” siyasətinə bənzəyir. Amma Türkiyə Avropa hüquq normalarını da nəzərə alaraq hibrid model tətbiq edir.

2022-ci ildə qəbul edilən “Dezinformasiya Qanunu” ilə ictimaiyyəti çaşdıran saxta məlumat yaymaq birbaşa cinayət kimi müəyyən edilir. Bu xüsusiyyət Türkiyəni Avropa Birliyi ölkələrindən fərqləndirir. Çünki, AB-də dezinformasiya inzibati sanksiyalarla tənzimlənir, cinayət məsuliyyətinadir hallarda tətbiq olunur. Paralel olaraq, Türkiyədə seçkilər, zəlzələ və ictimai etirazlar zamanı sosial şəbəkələrdə müvəqqəti məhdudiyyətlər tətbiq edilir (sürət yavaşlatma – “band daraltma”).

5651 və 7418 saylı qanunların qəbulu və inzibati mexanizmlərin tətbiqigöstərir ki, Türkiyə mövcud sosial şəbəkə platformaları müstəvisində təhlükəsizliyi təmin etmək üçün özünəməxsus model yarada bilib. Paralel olaraq, yerli alternativ platformaların inkişafı dövlətin rəqəmsal suverenlik strategiyasının bir hissəsi olaraq davam edir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

About FERZELIYEV

Check Also

“Qalatasaray” türk ulduzla anlaşdı

“Qalatasaray” Barış Alper Yılmazın maaş artımı tələbini qəbul edib. Metbuat.az xəbər verir ki, klub həmçinin …

“PostEurop” təşkilatının Baş Assambleyası gələn il Azərbaycanda keçirilə bilər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində …

Çin 29 saatlıq birbaşa uçuşlara başlayır

Bakı. Trend:“China Eastern Airlines” Şanxay və Buenos-Ayresi birləşdirən yeni marşrutu üçün aviabiletlərin satışına başlayıb. Trend …

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açacaq

Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açmağı planlaşdırır. SEN.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri …

Zelenski: Ukrayna üçün A planı müharibəni bitirməkdir

Bu gün müharibənin bir ilinin qiyməti 120 milyard dollardır. SEN.az “Unian”a istinadən xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir