
Bakı. Trend:
Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli
Sərəncamına uyğun olaraq 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və
Ağdərə şəhərləri günü kimi qeyd edilir. Tarixi Zəfərimizi,
suverenliyimizin tam bərpasını əbədiləşdirmək, şəhər günlərini
təsis etmək məqsədilə atılan bu mühüm addım həm 30 illik işğal, həm
44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror
tədbirlərinin həyata keçirildiyi dövrün, həm də Böyük Qayıdış
Proqramına əsasən bu ərazilərdə aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərinin və soydaşlarımızın qayıdışının
təqdimatında əhəmiyyətli rol oynayır. Ötən il 20 sentyabr tarixində
Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra
açılışında iştirak edən Prezident İlham Əliyev Universitetin
müəllim və tələbə heyəti ilə görüşündə Azərbaycanın 1993-cü ildə
Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra inkişaf və quruculuq dövrünü yaşadığını önə
çəkərək bildirdi ki, quruculuq və inkişaf işlərinin məntiqi
nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür. Şuşanın azad olunması,
Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz
qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin
sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil
etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı
idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi
Günü idi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il
oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndi
şəhərindən xalqa müraciətində bir daha vurğuladı ki, biz bu
qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı
bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada
əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
açıqlamasında bildirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan hər bir hədəfə
ardıcıllıqla nail olaraq gələcəyə daha böyük inamla addımlayır.
Suverenliyimizin bərpasından ötən iki ildə Xankəndidə, Xocalıda,
Xocavənddə, Ağdərədə həyata keçirilən genişmiqyaslı işlərə,
soydaşlarımızın bu torpaqlara qayıdışına diqqət yetirməklə
xalqımızın nə qədər qurucu xalq olduğunu görür, bundan böyük qürur
hissi keçiririk. Prezident İlham Əliyevin bu günlərdə Xocalı,
Xocavənd rayonlarına, Xankəndi şəhərinə səfəri çərçivəsində
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut
qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə qeyd etdiyi
kimi, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh
şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran
qoyublar. Kənd və şəhərləri yerlə-yeksan etmişdilər. Özlərinin
yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən
insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində
şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik
stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən
quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan
xalqı rahat, xoşbəxt, sülh içində yaşasın.
Vüqar Rəhimzadə qeyd edib ki, azad edilmiş digər torpaqlarımız
kimi, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə də yeni inkişaf dövrünü
yaşayır, dirçəlir, mərhələ-mərhələ sakinlərini qarşılayır.
Bugünümüzün qürurverici hadisələrindən biri də budur ki, yalnız
paytaxt Bakımız deyil, azad edilmiş torpaqlarımız da beynəlxalq
əhəmiyyətli tədbirlər üçün ideal məkana çevrilir. Bu baxımdan
Xankəndi şəhəri də xüsusi diqqət çəkir. Bu il ənənəvi Şuşa Qlobal
Media Forumu Xankəndi şəhərində keçirildi. Həmçinin İqtisadi
Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə Xankəndi şəhəri ev
sahibliyi etdi. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ”
komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu
adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan
Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi
stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində
Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən
görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin
işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.
Milli Məclisin deputatı bildirib ki, işğaldan azad edilmiş
ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri,
eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı
kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin
təşkili zərurətini meydana çıxardı. Bu məqsədlə Prezident İlham
Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi
şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ
Universiteti” publik hüquqi şəxs yaradıldı. Ötən ilin 20 sentyabr
tarixində Qarabağ Universitetinin təmirdən sonra açılışı oldu. Bu
il sentyabrın 14-də Prezident İlham Əliyev Xocalı, Xocavənd
rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində Qarabağ
Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri
fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Qarabağ
Universitetində Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq
elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına
uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində
atılmış mühüm addımlardan biridir. Digər tərəfdən, klinikada həyata
keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik
nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə
tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni
zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını
artıracaq.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Xankəndiyə, Xocavəndə,
Xocalıya, Ağdərəyə çoxsaylı səfərlərinə diqqəti yönəldərək bu
səfərlərin hər birinin Böyük Qayıdış Proqramının uğurlu icrasında
böyük rola malik olduğunu vurğulayıb. Ötən ilin 28 May-Müstəqillik
Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Bununla yanaşı Xocalı,
Xocavənd, Ağdərə rayonlarının kəndləri mərhələ-mərhələ sakinlərini
qarşılayıb və qarşılayır. Suverenliyimizin bərpasından sonrakı
dövrün əlamətdar, qürurverici hadisələrindən biri budur ki,
müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində
prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Prezident
İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs
vermələri tarixi hadisəyə çevrildi. Azad edilmiş bütün
ərazilərimizin həyatında möhtəşəm günlər saysızdır. Xalqımız bu
sevinci onlara yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə,
rəşadətli ordumuza hər zaman minnətdarlığını ifadə edir.